Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
7 Aprel , 2021
7 aprel 1906-cı ildə, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır.Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi.O,bir vətəndaş kimi bütün həyatını Vətəninin,xalqının azadlığı işinə həsr etmişdi.Onun yaratdığı jurnal da öz səhifələrində Vətənin bəlalarını sadə xalq dilində,düşündürücü,gülüş doğuran ifadələrlə əks etdirirdi. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu.

Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Şmerlinq, Rotter, Əzimzadə və digərləri ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı.

Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Molla Nəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaratdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdi.

“Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri,onu zorla xarici dillərlə əvəz etməyə çalışanları həmişə tənqid etmişdir.

“Molla Nəsrəddin” jurnalı qadin azadlığı məsələlərinə də xüsusi fikir verir,qadınların müdafiəçisi kimi çıxış edir,qızların təhsili qayğısına qalırdı.

Göygöl rayon MKS-inin S.Vurğun adına MK-nın Oxuculara Xidmət şöbəsinin müdiri S.İlhamə “Molla Nəsrəddin” jurnalına həsr olunmuş video-çarx hazırladı. Video-çarx youtube.com/Goygol MKS kanalında paylaşıldı. 

https://youtu.be/-GpWPzBlBWs