Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
23 Avqust , 2021
23.08.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon üzrə nümayəndəliyinin təşəbbüsü, Göygöl rayon MKS-nin İnformasiya-resurs şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin anadan olması ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbiri Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov açıq elan edərək dahi şəxsiyyətin həyatı haqqında məlumat verdi. Oxuculara Xidmət şöbəsinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi Fəxriyyə Abdullayeva və Heydər Əliyev Mərkəzinin elmi işçisi Məhsəti Məmmədzadə Azərbaycanın xalq şairinin həyatı və yaradıcılığı haqqında çıxış etdilər. Tədbirin sonunda şairin həyatı haqqında videoçarx nümayiş olunub.
Bəxtiyar Vahabzadə 1925-ci ilin 16 avqustunda Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. Bəxtiyar Vahabzadə azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Foto Qalereya