Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
18 Avqust , 2021
18.08.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon üzrə nümayəndəliyinin təşəbbüsü MK-nın Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə bütün dünyanı təşvişə salan, Azərbaycanda da yaranan meşə yanğınlarına həsr olunmuş tədbir hazırlanmışdır. Tədbir “Zoom” proqramı ilə həyata keçirilmişdir. Planetimizi çirkli hava və bir sıra təbii fəlakətlərdən qoruyan meşələri biz insanlar necə qorumalıyıq? Diskusiya xarakterli “Meşələr təbiətin ən qiymətli sərvətidir!” başlıqlı tədbirdə mədəniyyət müəssisələrinin işçi kollektivi iştirak edib.Tədbiri Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov açıq elan edərək bu günkü tədbirin məqsəd və məramı haqqında məlumat verdi. MK-nın Komplektləşdirmə və Kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Əfsanə Məmmədova ümumi meşə yanğınları, Oxuculara Xidmət şöbəsinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi Fəxriyyə Abdullayeva Azərbaycanda meşə yanğınları haqqında çıxış etdilər.
Meşə yanğınlarının çox cüzi hissəsi təbii proseslərlə bağlıdır. Həmin fəlakətlərin böyük əksəriyyətində isə günahkar insan amilidir. 10 yanğında 9-u odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi yanğınlara səbəb olur.Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar nəticəsində də yanğın törənə bilir.
Meşə yanğınlarının qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür. Biz mədəniyyət işçiləri olaraq insanları daim maarifləndirməliyik. Bu işdə hər birimiz ayıq – sayıq olmalı, təbiətin yaşıl incisi meşələri qorumaq üçün əlimizdən gələni etməliyik.
Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması isə ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.