Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Heydər Əliyev Mərkəzi
8 Aprel , 2015

Tariximizin şərəfli bir dövrü Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq və dövlət qarşısında əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxt Bakı ilə yanaşı, bölgələrdə də dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün çox mühüm işlər görülmüşdür. Göygöl rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılması dahi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Mərkəzlə yaxından tanışlıq bir daha sübut edir ki, bütün mənalı ömrünü xalqına və Azərbaycan dövlətçiliyinə həsr edən Ulu Öndər hər şeydən çox sevdiyi Vətəni üçün tarixi işlər görmüşdür. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən parkdakı Heydər Əliyev Mərkəzi Ulu Öndərin siyasi irsini araşdırmaq və rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmışdır. Mərkəz və onun yerləşdiyi Heydər Əliyev parkı indi Göygölün ən gözəl məkanlarından biridir. Mərkəzin foyesində dahi şəxsiyyətin büstü qoyulmuşdur. Muzeydə Ümummilli Liderin uşaqlıq və gənclik illərinə aid şəkillər, həmçinin müxtəlif dövrlərdə çəkilən digər fotolar böyük maraqla qarşılanır. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün akt və konfrans zalları yaradılmışdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün burada rəsm, xalçaçılıq, tikiş dərnəkləri fəaliyyət göstərəcəkdir. Mərkəzdə, həmçinin elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı da vardır.


Foto Qalereya