Göygöl rayon Mərkəzi kitabxanası

Göygöl rayon MKS
Rayon haqqında
21 İyul , 2015

    

     Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.

Əhalisi

Coğrafi mövqeyi

     Göygöl rayonu Azərbaycanın qərbində, Gəncə şəhərinin cənubunda, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində Gamışdağdır. Onun hündürlüyü 3724 m-dir. Göygöl rayonu Gəncə dəmir yol stansiyasından15 kmcənubunda yerləşir. Bakı-Qazax dəmir yolu və magistralı Göygöldən keçir. Rayon ərazisində 15802 hektar meşə sahəsi olmaqla Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir və Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir.

İqtisadiyyat

     Rayonun əsas təsərrüfat fəaliyyətləri taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur. Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti kombinatları, şərab zavodu və başqa sənaye müəssisələri var. 
     Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət göstərir. Dövlət müəssisələri: 
- Çaykənd qızılbalıq artırma zavodu – qızılbalıq körpəsi yetişdirilir. 
- Camışçılıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – damazlıq camış saxlanılır. 
- Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara saxlanılır. 
- Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur. 
- Qızılca qırma daş zavodu – qırma daş istehsal olunur. 

        Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər. 
     "Aqrosənaye" ASC İstehsal gücü saatda 6000 ədəd butulka olan araq süzmə, istehsal gücü saatda 3000 ədəd butulka olan şərab süzmə, istehsal gücü sutkada 500 dekalitr olan konyak spirti, şampan şərabı sexləri, ümumi sahəsi 3000 m² olan zirzəmiləri vardır. Xammal mənbəyi olan 352 hektar üzüm bağı salınmışdır. 
      "Azəraqroinvest" MMC – 295 hektar üzüm bağı vardır. 
       Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır. 
       ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur. 
       Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur. 

Təhsil

     Rayonda 1 peşə məktəbi fəaliyyət göstərir. Burada 6 qrup üzrə 120 nəfər şagird peşə təhsili alır. Hal-hazırda Göygöl rayon Təhsil şöbəsi üzrə 50 ümumtəhsil məktəbi, o cümlədən 39 tam, 10 ümumi orta, 1 ibtidai məktəb, 18 məktəbəqədər və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri üzrə 9072 şagirdin təlim-tərbiyəsi ilə 1589 müəllim, 18 məktəbəqədər tədris müəssisəsində 41 qrupa cəlb olunmuş 750 nəfər uşağın təlim-tərbiyəsi ilə 139 nəfər tərbiyəçi müəllim, 4 məktəbdənkənar tədris müəssisəsinə 132 qrupda 2488 nəfər şagirdlə 115 nəfər dərnək rəhbəri məşğul olur. 
     Fəaliyyət göstərən 50 ümumtəhsil məktəblərindən 13-ü birtipli layihə əsasında tikilmiş, digər 37 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. 
    Son illər rayonun 39 ümumtəhsil məktəblərində əsaslı təmir və tikinti işləri aparılmışdır ki, bu da 78 % təşkil edir. Rayonun tam orta məktəblərini bitirmiş şagirdlərdən 76-77 % orta təhsil haqqında attestat alır, ali məktəbə qəbulun nəticəsi ilbəil artaraq 25-26 % çatdırılmışdır. 
    Rayonda 5 “Respublikanın Əməkdar müəllim” adına və 1 “İlin müəllimi” adına layiq görülmüş müəllim, 2 Prezident təqaüdçüsü var.

Maddi-mədəni irsi

     Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. 
     Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid Qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Dozular kəndində XVI əsrə aid bir gözlü körpü, Topalhəsənli kəndində taixi məlum olmayan iki tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində taixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni-Zod kəndindən300 m məsafədə Alban kilsəsi,3 km məsafədə Alban məbədi, Üçbulaq və Balçılı kəndlərinin frazisində taixi məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan, Quşqara və Balçılı kəndlərinin ərazisində Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.

Foto Qalereya