Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Xəbərlər
14 Mart , 2017
Bu gün Ruzi-bərəkət, torpağa sədaqət rəmzi, Novruz bayramının müjdəçisi olan İlaxır- torpaq çərşənbəsidir. Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında"Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Həmin gün də yaxşı sözlər danışılmalı, qəlbə dəyən ifadələr işlədilməməlidir. Çünki ilaxır çərşənbəsində adətən qapıya qulaq falına çıxarlar və deyilənlərə görə, həmin gecə hansı sözü eşitsən, niyyətin o sözə görə yozulur. Hər birinin olduğu kimi, “Torpaq çərşənbəsi“nin də özünəməxsus qaydaları var. Ən əsası, torpaq çərşənbəsində də tonqal yandırmaq mütləqdir. Novruz çərşənbələrinin sonuncusunda yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi“, “İlaxır çərşənbə“ və ya “Torpaq çərşənbəsi“ adlanır. İnanca görə, “Torpaq çərşənbəsi“ yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə “Su“, “Od“ və “Yel“ “Torpaq xatun“un yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır çərşənbə ölkəmizin əksər bölgəsində təmtəraqla qeyd olunur. Bu çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə zəngindir. Çünki həmin günün mərasimləri həm suya, həm oda, həm yelə, həm də torpağa inamı əks etdirir. Bu çərşənbənin axşam şənlikləri daha gur olur. Evlərdə tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, arzu və niyyəti olanlar qapı-qapı gəzərək qulaq falına çıxırlar. “Yer çərşənbəsi“ günü hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır, eyni zamanda bu gecədə nəhs söz danışmaq olmaz.
Filologiya elmləri doktoru Kamran Əliyev mətbuata verdiyi müsahibəsində qeyd edib ki, “İlaxır çərşənbəsi“ndə süfrəyə bərəkətli nemətlər qoymaq lazımdır. Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlanacaq ilin bərəkətli, firavan olmasının simvoludur: “Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, şam yandırılır, səməni qoyulur, küsülülər barışır.
“İlaxır çərşənbə“də tonqal yandırmaq vacibdir. İnsanlar tonqalın üzərindən tullanmaqla azar-bezarlarını yandırar. Yazın nəfəsi öncə suya toxunur və bununla da el arasında deyildiyi kimi desək, sulara ixtiyar verilir. Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta onu dondurub ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə torpağa ixtiyar verilir və o nəfəsi ilə toxumu cücərdir. Torpaqdan sonra növbə ağaclara çatır və çərşənbələrin üçüncüsündə ağaclar qış yuxusundan oyanır və tumurcuqlamağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir. Beləcə yaşayış, varlıq yeni bir axara düşür“.
Filoloq deyir ki, çərşənbə axşamlarında - xüsusən də “İlaxır çərşənbəsi“ndə süfrəyə artan, çoxalan, yəni bərəkətli nemətlər qoymaq lazımdır: “Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Məsələn, düyü, yarma, noxud kimi artımlı ərzaqlardan yeməklər hazırlanmalıdır. Bundan əlavə, xalqın inancına görə, “Torpaq çərşənbəsi“ndə gövdəsi torpağın üstündə, meyvələri torpağın altnda olan nemətlərdən süfrəyə düzülməlidir. Məsələn, yerfındığı, kartof və müxtəlif bu kimi çərəzləri göstərmək olar. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz“.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün ilaxır çərşənbə münasibətilə paytaxtda tədbirlər keçiriləcək.