Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
3 Mart , 2017
Fərman İsmayıl oğlu Kərimov (Fərman Kərimzadə) 1937-ci il mart ayının 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. 1944-1951-ci illərdə ibtidai təhsilini kənddə almış, 1949-cu ildə doğma kəndindən zorla çıxarılaraq, Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonuna deportasiya olunmuşdur. 1954-ci ildən orta məktəbin yuxarı siniflərini Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır.1962- 1965- ci illərdə İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi kimi fəaliyyət göstərmiş, 1962- 1965- ci illərdə “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləmişdir. 1965- 1967- ci illərdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, 1970-1977-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü, 1977-1980-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri olmuşdur. 1980-1981-ci illərdə Şüvəlan Yaradıcılıq Evinin direktoru işləmişdir. 1958-ci ildə qələmə aldığı “41 nömrəli ayaqqabı” hekayəsi ilk təcrübə olsa da, müharibənin fəlakət dolu nəticələrini təsirli bir dil ilə oxucuya çatdıra bilmişdir. “Son eksponat”, “Toy toğlusu” hekayələri də müharibə mövzusunda olub onun ağrı-acılarından bəhs edir. 60-cı illərdən etibarən kitabları nəşr olunmağa başlamışdır. Yaradıcılığında əsas yeri tarixi mövzular tutur. Bəlkə də Fərman Kərimzadənin yaşadığı dəhşətli, ağrılı-acılı həyat onu bir yazıçı kimi klassikləşdirdi, bir şəxsiyyət kimi erkən müdrikləşdirdi, insan kimi erkən qocaltdı. “Qarlı aşırım“ı çap etdirəndə 30 yaşı vardı, bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi ekranlara çıxanda - 33. Fərman Kərimzadə tariximizin qaranlıq səhifələrini vərəqləyir, milli dəyərlərimizi ədəbiyyata gəirir, millətə öz böyüklüyünü ,əzəmətini tarixi hadisələr fonunda əyani şəkildə göstərərək onu bu təcrübədən nəticə çıxarmağa,özünü, dostunu və düşmənini tanımağa çağırırdı. Hər bir ədəbiyyatımızda hadisə olan biri-birindən dəyəli tarixi romanları - “Xudafərin körpüsü” (1981), “Çaldıran döyüşü” (1984-1985), “Qarlı aşırım” 2-ci variantı (1986-1987), “Təbriz namusu”, “Vedinin yanı dağlar”, “Qoca qartalın ölümü” (1988) qələmə almışdır.Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də, 52 yaşında vəfat etmişdir.