Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
11 Yanvar , 2019
Azərbaycanın məşhur Bayat tayfasından olduğu söylənilən Məhəmməd Füzuli divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır. Deyilənlərə görə, Məhəmmədin atası Süleyman kişi İraqa Azərbaycanın Ərəş mahalından köçüb gəlib. Kərbəlada doğulan Məhəmməd orada da vəfat edib. Füzuli oxumuş adam idi, kamil təhsil görmüşdü. Orta əsr elmlərindən olan tibb, məntiq, riyaziyyat, nücum və bir sıra humanitar elmlərlə, dini-fəlsəfi cərəyanlarla tanış idi. Klassik türk, fars, ərəb, hind ədəbiyyatını öyrənmişdi. Buna görə də tədqiqatçılar belə hesab edirlər ki, Süleyman kişi oğlunu oxutdura biləcək qədər varlı adam olub. Füzuli Şah İsmayıl Xətaiyə, Şah Təhmasibə və onun sərkərdələrinə əsərlər ithaf edib, onların şəninə qəsidələr yazıb, amma heç vaxt saraya meyil göstərməyib. Bir neçə qəsidəsini Sultan Süleymana təqdim edən Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri ilə görüşüb. Deyilənə görə, özünün ən məşhur əsəri olan “Leyli və Məcnun” poemasını onların xahişi ilə yazıb. Füzuli əsərlərini üç dildə - Türk (Azərbaycan), ərəb və fars dillərində qələmə almışdı. Həmin dillərdə divanlar tərtib etmiş, qəsidələrini kitab şəklinə salmışdı. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı. Leyli və Məcnun əfsanəsinə istinadla çox əsərlər yazılıb. Yazılı ədəbiyyata ilk dəfə Nizami Gəncəvi tərəfindən gətirilən “Leyli və Məcnun” mövzusuna Füzuliyə qədər bir çox türk, fars, tacik, ərəb, hind şairləri müraciət etsələr də, Füzulinin “Leyli və Məcnun”u onların hamısını üstələyib zirvəyə qalxdı. Beş yüz ilə yaxındır ki, həmin zirvədə qərar tutub. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli həmin poema əsasında Şərq aləmində ilk poema yazıb və bu opera da poema kimi böyük şöhrət qazanıb. Bəstəkar Cahangir Cahangirovun “Məni candan usandırdı” qəzəlinə yazdığı “Füzuli kantatası” da Azərbaycan musiqisinin inciləri sırasındadır. Füzulinin ən məşhur əsərləri bunlardır: “Şikayətnamə”, “Səhhət və mərəz”, “Rindü zahid”. Ən məşhur qəzəllərinin sırasında isə “Məni candan usandırdı”, “Söz”, “Can vermə qəmi-eşqə...”, “Ey həkim”, “Heyrət ey büt” və digər onlarla qəzəlin adını çəkmək olar. Kitabları: “Leyli və Məcnun” (1958), Məhəmməd Füzuli Əsərləri. Altı cilddə. (1996); Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. (2005). Filmoqrafiya: “Məhəmməd Füzuli” (film, 1958), “Leyli və Məcnun” (film, 1961), “Məhəmməd Füzuli” (film, 1989), “Şəbi-hicran” (film, 1993), “Söhbətül-əsmar” (film, 1994). 
İnternetdə:https://az.wikipedia.org/wiki