Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
31 Yanvar , 2019
Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib. Təhsili yarımçıq qalmışdır. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparmışdır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırırdı. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyib. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olmuşdur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb etmişdir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilmişdir. Milli hökumət onu ali mükafat "21 Azər" medalıyla təltif etmişdir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işlədi. Ona ali təhsil almaq imkanı yarandı. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1947-1952). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. 1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. Kitabları: “Cənub nəğmələri” (1950), “Bakının işıqları” (1950), “Vətən sevgisi” (1951), “Məhbusların son sözü” (1952), “Şimal həsrəti” (1953), “Arazın o tayında” (1954), “Şairin düşüncələri” (1956), “Qartal” (1959), “Qəzəb” (1960), “Buludlar” (1964), “Yanıqlı tütək” (1966), “Sevinc” (1973), “Şəlalə” (1974), “Gecikmiş vüsal” (1988) və s.