Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
23 Fevral , 2019
Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsil almışdır. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyib. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunub. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyib. 1935-ci ildən elmi yaradıcılığa başlayıb. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad etdilər. 1938-1939-cu illərdə “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olundu. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bir il sonra ona professor adı verilmişdir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb. Onun Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabıdır. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası vardır. H.Araslı tərəfindən nəşr olunan beş cildlik füzulişünaslığın inkişafında mühüm əhəmiyyət daşımışdır, dünya füzulişünas alimlərinin bu gün də müraciət etdikləri mötəbər mənbədir. Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan "İmadəddin Nəsimi" kitabçasında şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır. Kitabları: “Ələkbər Sabir Tahirzadə” (1936), “Mirzə Fətəli Axundov” (1938), “Füzuli” (1939), “Şairin həyatı” (1940), “Nizaminin lirikası” (1940), “Vətənpərvər qadınlar” (1942), “Xalqın qəhrəman oğlu Koroğlu” (1942), “Azərbaycan ədəbiyyatı tarixi” (1943), “Nəsimi” (1972) və s. Filmoqrafiya: “Dədə Qorqud” (film, 1975) “Söz körpüsü... Akademik Həmid Araslı” (film, 2010).