Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
11 Fevral , 2019
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Zakirin satiraları əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir. Əsərləri: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsil və s.