Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
22 Fevral , 2019
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen, Nehrəm kəndlərində müəllimlik etmişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini də bu dövrdə yazmışdır. 1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. 1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdir. C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarifə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Əsərləri: “Poçt qutusu” (1958), “Ölülər” (1963), “Yuxu” (1965), “İki alma” (1967), “Felyetonlar” (1961), “Qurbanəli bəy” (1962), “Danabaş kəndinin əhvalatları” (1968), “Bəlkə də qaytardılar” (1970), “Usta Zeynal” (1977), “İki alma” (1978), “Əsərləri” (altı cilddə) , “Hekayələr” (2009), “Seçilmiş əsərləri” (2012). Əsərləri üzrə çəkilən filmlər: “Poçt qutusu” (film, 1967), “Quzu” (film, 1967), “Qəm pəncərəsi” (film, 1986), “Pirverdinin xoruzu” (film, 1987), “Qurbanəli bəy” (film, 1989), “O dünyadan salam” (film, 1991), “Anamın kitabı” (film, 1994), “Nigarançılıq” (film, 1998), “Lal” (film, 2003), “Oyun” (film, 2003), “Sirkə” (film, 2003), “Kefsiz” (film, 2004). Haqqında çəkilən filmlər: “Cəlil Məmmədquluzadə” (film,1966). Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.159.