Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
22 Mart , 2019
Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir. İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. "Azərbaycan" jurnalında baş redaktor (1976- 1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır. İsmayıl Şıxlı 1995-ci il iyulun 26- da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Əsərləri: “Yetər Aslanova” (1949), “Kerç sularında” (1950), “Dağlar səslənir” (1951), “Daşkəsən” (1953), “Ayrılan yollar” (1957), “Dəli Kür” (1983), “Məni itirməyin” (1984), “Cəbhə yolları” (1985), “Seçilmiş əsərləri” (1986), “Daim axtarışda” (1988), “Namərd gülləsi” (1991), “Ölüləri qəbiristanda basdırın” (1992), “Ölən dünyam” (1995). Tərcümələri (türkcə və ruscadan): “XIX əsr xarici ədəbiyyat tarixi” (1964), Mopassan Gi De. “Hekayələr və novellalar” (1980), (şərikli), Əziz Nesin. “Futbol kralı” (1988) (şərikli). Filmoqrafiya: “Dəli Kür” (film, 1969), “Xalq şairi Səməd Vurğun” (film, 1969), “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” (film, 1976), “İşarəni dənizdən gözləyin” (film, 1986), “Ayrılan yollar” (film, 1997), “Əzizə Cəfərzadə” (film, 1999), “Kürə qovuşan ömür” (film, 2003), “Bizim qəribə taleyimiz” (film, 2005) və s. İnternetdə:https://az.wikipedia.org/wiki İsmayıl_Şıxlı