Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
23 May , 2019
Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. Hüseyn İbrahimov 1941-1943-cü illərdə indiki Şərur rayonu komsomol komitəsinin birinci katibi, 1943-1947-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin katibi, 1947-1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaktor müavini, 1949-1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri işləmişdir. O, 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961-1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru olmuş, 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1975-1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Onun yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları parlaq bədii təcəssümünü tapmışdır. Yazıçının xarici dillərə tərcümə olunmuş bir çox əsərləri ölkəmizin hüdudlarından kənarda yayılaraq ədəbiyyatımızın şöhrətini daha da artırmışdır. Onun tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi dəyərli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır. Hüseyn İbrahimovun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmişdir. Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yazıçı 2008-ci il aprel ayının 10-da Bakıda vəfat etmişdir. Əsərləri: “Kamalın ad günü” (1957), “Gülzar” (1958), “Baharın hekayəsi” (1958), “Zərifənin çiçəkləri” (1960), “Şirin xatirə” (1963), “Göyərçinin məhəbbəti” (1964), “Sabahın sorağında” (1966), “Seçilmiş əsərləri” (1974), “Günəş doğan yerdə” (1976), “Nəciblik” (1979), “Bahar yağışı” (1983), “Səhv edəndə” (1985), “Əsrin onda biri” (1987), “Qu quşları öləndə oxuyurlar” (1988), “Böhtan” (1998), “Ata, qız və bostonlu Franklin” (1999) və s. İnternetdə: https://az.wikipedia.org/wiki/Hüseyn_İbrahimov